Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.

Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 kilometrlik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.

Bilet satışı aprelin 17-dən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonlarının sakinləri üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.
  • Sosial şəbəkədə paylaş