FHN-dən Naxçıvanda yaşayış binasında baş vermiş yanğınla bağlı AÇIQLAMA

Naxçıvanda yaşayış binasında baş verən yanğın nəticəsində beşmərtəbəli binanın dam örtüyü 400 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400 kvadratmetr sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş