İndi onlardan xəbər yoxdur...- Bir vaxtlar nazir idilər

ANA SƏHİFƏ

ARXİV

QƏZET

KONTAKTLAR
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

İndi onlardan xəbər yoxdur...- Bir vaxtlar nazir idilər

704 19.03.2025 14:27 A A
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vəzifədən gedən məmurların harada, nə işlə məşğul olması daim ictimai maraq kəsb edib. Xüsusilə də nazir postunda olanlar əhalinin diqqətini özünə çəkə bilir. Çünki onlardan kimisi vəzifəsini doğru icra etmədiyi, kimisi tutduğu vəzifənin imkanlarından istifadə edərək biznesini genişləndirdiyi üçün postundan getməli olub, kimisinin isə adı hətta casusluqda hallanıb. Aralarında birbaşa həbsə gedənlər də, barəsində “Hər gün həbs olunacaq” xəbəri yayılanlar da var. Vəzifədən gedən məmurların əksəriyyəti ya pedaqoji fəaliyyətlə, ya bizneslə, ya siyasi fəaliyyətlə məşğul olur, ya da sadəcə özlərini bacardıqları qədər ictimaiyyətdən gizlətməyə çalışırlar.

Sabiq nazirlərin harada, nə işlə məşğul olduqları barədə kiçik araşdırma aparılıb:

1994-cü ildə daxili işlər naziri təyin olunan Ramil Usubov 25 il bu postda çalışıb. O, 2019-cu ildə vəzifəsindən azad olunaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhülkəsizlik Şurasının katibi təyin edilib.

1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsində çalışan Vilayət Quliyev isə hazırda Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Bundan əvvəl o, 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı, 2010-2021-ci ilərdə isə Macarıstandakı səfiri olub.

“Evdən işləyən” nazir kimi yadda qalan, son günlər adı Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvləri sırasında çəkilən Elmar Məmmədyarov da bir zamanlar xarici işlər naziri vəzifəsində çalışıb. O, bu vəzifəni 2004-2020-ci illərdə icra edib. Sabiq nazirin hazırda rəsmi fəaliyyəti olmasa da, o, mətbuatın ünvanladığı sualları cavablandırır, aktual mövzularla bağlı öz mövqeyini irəli sürür.

Mətbuatda adı korrupsioner nazir kimi çəkilən Səfər Əbiyev 18 il (1995-2013-cü illərdə) müdafiə naziri vəzifəsini icra edib. Vəzifəsindən azad edildikdən sonra uzun müddət onun haqqında məlumat əldə etmək mümkün olmayıb. 2015-ci ildə isə sabiq nazirin Çexiya vətəndaşlığı aldığı, bu ölkədə yaşadığı və biznes şəbəkəsini idarə etdiyi ilə bağlı məlumatlar yayılıb. Lakin 2022-ci ildə S.Əbiyevin yaxın dostu Eldar Sabiroğlu (MN-nin 2007-2013-cü illərdə mətbuat katibi) onun heç yerə getmədiyini, Azərbaycanda olduğunu açıqlayıb.

Mətbuatda tez-tez marafonlarda iştirakı, idman və incəsənətlə məşğul olması ilə gündəmə gələn sabiq müdafiə sənayesi naziri Mədət Quliyev bu postda cəmi 4 il qalıb. 2019-2023-cü illərdə nazir kimi fəaliyyət göstərən Mədət Quliyev hazırda Azərbaycan Prezidenti yanında Təhülkəsizlik Şurasının katibinin, yəni Ramil Usubovun müavinidir.

2004-2015-ci illərdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun da adı son vaxtlar rus casusu şəbəkəsi siyahısında hallanır. Uzun müddət barəsində məlumat əldə etmək mümkün olmasa da, bir vaxtlar mediada az qala, hər gün onunla bağlı “Eldar Mahmudovun həbsinə hazırlıq gedir” sərlövhəli yazılar dərc olunurdu. Nəhayət, Eldar Mahmudov 2023-cü ildə qaynı, Milli Qəhrəman Riad Əhmədovun vida mərasimində görüntülənib. Hazırda rəsmi fəaliyyəti olmasa da, onun bizneslə məşğul olduğu bildirilir.

Müstəqil Azərbaycanın 3-cü səhiyyə naziri olan (1993-2005-ci illər) Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edildi. Prezidentin əfv Sərəncamı ilə 14 il sonra, 2019-cu ilin martın 16-da azadlığa buraxılıb. Hazırda Haqq Ədalət Partiyasının sədri vəzifəsində çalışır.

Həbs olunan digər sabiq nazirlərdən biri də Fərhad Əliyev olub. O, 1999-2005-ci illərdə iqtisadiyyat naziri (indiki adı ilə) olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində sabiq nazir öz xidməti kabinetində həbs edilib və bununla da vəzifəsindən azad olunub. Ağır Cinayətlər Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. F.Əliyev Prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.

Daha bir həbs olunan nazir isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi. Vəzifəsindən azad olunandan 3 il sonra həbs edilən Müslümov bir il sonra ev dustaqlığına buraxıldı. Ötən il isə sabiq nazirə 11 il şərti cəza verilib. Onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları isə dövlət nəfinə alınıb.

10 ildən çoxdur vəzifədən getsə də, adı medianın dilindən düşməyən nazirlərdən biri də Səlim Müslümovun sələfi Füzuli Ələkbərov olub. O, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edib. Postunu təhvil verdikdən sonra o, yenidən biznesə qayıdıb. Hazırda “İmprotex Group” MMC-nin rəhbəridir. Qarabağda “Araz Vadisi İqtisadi Zonası”nda inşa edilən “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC də sabiq nazirə məxsusdur.

Nazir işlədiyi müddətdə imkanlarından istifadə edərək biznesini genişləndirənlərdən biri də Ziya Məmmədov olub. O, 2002-2017-ci illərdə nəqliyyat naziri işləyib. Ziya Məmmədov nazir postunda olanda ailəsinə nəhəng şirkətlər yaradıb. Buna görə də o, hələ də ölkənin ən varlı oliqarxlarından biri sayılır. Ziya Məmmədov və ailəsi vaxtilə bir sıra iri şirkətlərə - ZQAN Holdinq, “Bank of Azerbaijan” ASC, “Qarant Sığorta”, ZQAN Construction, AZBENTONİT, Goranboy Gips, Göyçay Çınqıl Zavodu, TransEuroCom, “Delfin” və “Meridian” mehmanxanaları, “Royal Estate” daşınmaz əmlak şirkətləri, bir sıra şadlıq evləri və restoranlara sahib olub. Həmin şirkətlərin hazırda da Məmmədovlar ailəsinin idarəetməsində olub-olmadığı barədə məlumat yoxdur. Ziya Məmmədov 2022-ci ildə mətbuata verdiyi açıqlamada Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını deyərək ictimaiyyət arasında gülüş hədəfi olmuşdu. Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə onun boş vaxtını mütaliəyə ayırdığını, Qurani-Kərim oxuduğunu bildirmişdi.

“Ən uzunömürlü nazirlər”dən sayılan Oqtay Şirəliyev 16 il səhiyyə naziri olub. Hazırda “Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru vəzifəsində fəaliyyət göstərdiyi bildirilsə də, onun xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı da məlumatlar yayılıb.

Oqtay Şirəliyevdən də çox nazir postunda qalanlardan biri Samir Şərifov olub. Belə ki, o, 19 il (2006-2025-ci illər) maliyyə naziri vəzifəsində çalışıb. Samir Şərifov tutduğu vəzifədən azad edildikdən sonra Baş nazirin müavini təyin olunub.

Fikrət Məmmədov isə 24 il (2000-2024-cü illər) ədliyyə naziri postunda qalaraq hər iki həmkarını “ən uzunömürlü nazir” statusu ilə geridə qoyub. O, tutduğu vəzifədən azad olunduqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Nazir postunu təhvil verdikdən sonra daha yüksək vəzifəyə keçənlərdən biri də Şahin Mustafayev və İsmət Abasovdur. Belə ki, onlar nazir kimi vəzifələrindən azad edildikdən sonra Baş nazirin müavini təyin olunublar. Şahin Mustafayev iqtisadiyyat naziri kimi 8 il (2008-2016-cı illər), İsmət Abasov isə kənd təsərrüfatı naziri kimi 9 il (2004-2013-cü illər) çalışıb. İsmət Abasov 2018-ci ildə Baş nazirin müavini postundan kənarlaşdırıldıqdan sonra barəsində məlumat əldə etmək mümkün olmayıb. Lakin ötən il o, Prezident tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


  • Sosial şəbəkədə paylaş