Onlayn kredit götürənlərin NƏZƏRİNƏ

Rəqəmsal bankçılığın sürətli inkişafı həyatımızı asanlaşdırsa da, gözlənilməz hüquqi riskləri və dələduzluq hallarını da bərabərində gətirir. Son illərdə banka getmədən, cəmi bir neçə dəqiqəyə onlayn kredit rəsmiləşdirmək mümkün olsa da, üçüncü şəxslərin vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onların adına borc öhdəliyi yaratması halları kəskin artıb. Çox vaxt dələduzluq qurbanı olan şəxslər bu borca görə heç bir məsuliyyət daşımadıqlarını düşünsələr də, məhkəmə təcrübəsi və hüquqi reallıqlar tamamilə fərqli mənzərəni ortaya qoyur.

Ali Məhkəmənin mövzu ilə bağlı izahında vurğulanır ki, təkcə dələduzluq faktının olması kredit müqaviləsinin ləğvi üçün kifayət etmir - vətəndaşlar öz fərdi məlumatlarının və təhlükəsizlik kodlarının qorunmasına görə şəxsi məsuliyyət daşıyırlar.

Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi Qaydalara əsasən banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər. Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.

FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin; Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin; SMS təsdiq kodlarını heç kimlə paylaşmayın; Telefonunuza gələn bank bildirişlərini daim izləyin; Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin; Şübhəli zəng və mesajlara etibar etməyin; Bank hesablarınızı mütəmadi yoxlayın; Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.

Onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir. Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir.
  • Sosial şəbəkədə paylaş