Aİ səfirləri 150 milyard avroluq hərbi planı təsdiqlədi

Avropa İttifaqının səfirləri 150 milyard avro dəyərində hərbiləşmə planını razılaşdırıblar. Bu barədə məlumat Aİ Şurasına sədrliyi həyata keçirən Polşanın X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində yer alıb.

Razılaşdırılmış sənəd SAFE adlı təhlükəsizlik təşəbbüsü çərçivəsində hazırlanıb.

Paylaşımda vurğulanıb:

“SAFE üzrə razılıq əldə edildi. Aİ ordularına nə qədər çox sərmayə qoysa, ona zərər vermək istəyənləri bir o qədər yaxşı şəkildə çəkindirə bilər.”

Planın məqsədi Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək, birgə silah istehsalını artırmaq və üzv ölkələrin hərbi potensialını vahid struktur altında koordinasiya etməkdir.

Bu addım, xüsusilə Ukraynada müharibə fonunda Avropanın öz təhlükəsizliyini ABŞ-dan asılı olmayaraq təmin etməyə çalışdığını göstərir. Yeni strategiya həm də Aİ-nin qlobal güc balansında daha fəal rol oynamaq istədiyinə işarə edir.
  • Sosial şəbəkədə paylaş