Maduronun həbsi əməliyyatında iştirak edən ABŞ hərbçisi həbs olundu

ABŞ-ın Venesuelada Nikolas Maduronu həbs etməsi ərəfəsində bununla bağlı mərc edərək 400.000 dollardan çox qazanan ABŞ hərbçisi həbs olunub.

Media xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. Bildirilir ki, Ken Van Dayk "Nikolas Maduronu ələ keçirmək üçün ABŞ ordusunun əməliyyatı olan Mütləq Qətiyyət Əməliyyatının planlaşdırılmasında və icrasında iştirak edib, əməliyyat haqqında məxfi məlumatlara çıxışından öz xeyrinə istifadə edib".

Xəbər verildiyi kimi, dekabrın sonlarında Van Dayk Polymarket mərc platformasında qeydiyyatdan keçib və ABŞ-ın 31 yanvar 2026-cı ilə qədər Venesuelaya girməsi və Maduronun vəzifəsindən uzaqlaşdırılması üçün 33.000 dollardan çox mərc edib. Onun qazandığı məbləğ 400.000 dollardan çox olub.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Van Dayk "məxfi hökumət məlumatlarından şəxsi mənfəət üçün qanunsuz şəkildə istifadə etmək, məxfi hökumət məlumatlarını oğurlamaq", fırıldaqçılıq və qanunsuz pul əməliyyatları aparmaqda ittiham olunur.

Təqsiri sübuta yetirilərsə, onu 60 ilə qədər həbs cəzası gözləyir.
  • Sosial şəbəkədə paylaş