İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

İran müharibəni bitirmək üçün nəzərdə tutulmuş layihə planına Amerika Birləşmiş Ştatlarının (ABŞ) etdiyi son düzəlişlərə cavabını təqdim edib.

Bu barədə “Axios” portalı mənbəyə istinadən yazıb.

Bildirilib ki, ötən həftənin sonunda İran ABŞ-yə Hörmüz boğazını yenidən açmaq və müharibəyə son qoymaq təklifini verib, nüvə danışıqlarını isə sonrakı mərhələyə təxirə salıb.

Məlumata görə, bu həftənin əvvəli Ağ Evin elçisi Stiv Uitkoff nüvə məsələsinin layihə mətninə yenidən daxil edilməsinə yönəlmiş düzəlişləri İran tərəfinə göndərib.

Qeyd olunub ki, düzəlişlərdən biri danışıqlar davam etdiyi müddətdə İranın bombalanmış nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmağa çalışmaması və ya həmin ərazilərdə hər hansı bir fəaliyyəti yenidən başlatmaması ilə bağlıdır.

Məlumata əsasən, ötən gün günortadan sonra ABŞ-nin Prezidenti Donald Tramp Ağ Evdə İran üzrə ən yüksək milli təhlükəsizlik qrupu ilə təxminən 45 dəqiqə görüşüb. Görüşdə Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, müdafiə katibi Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiv Uitkoff iştirak ediblər. Mərkəzi Komandanlığın admiral Bred Kuper və Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn Donald Trampa və komandasına İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı yeni planlar barədə məlumat veriblər.
  • Sosial şəbəkədə paylaş