ABŞ siyasi sığınacaq istəyənlər üçün qapılarını bağlayır

ABŞ hakimiyyəti ölkə hüdudlarından kənarda olan əcnəbilərin siyasi sığınacaq müraciətlərini faktiki olaraq qəbul etməyəcək.

Bu barədə USA Today məlumat yayıb.

Saytın yazdığına görə, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, "Amerikanın qapıları sığınacaq istəyən şəxslərin üzünə tamamilə bağlanıb".

Onun sözlərinə görə, ABŞ siyasi sığınacaq istəyən şəxsləri digər ölkələrə yönləndirəcək. Miller iddia edib ki, ölkənin cənub-qərb sərhədində təqdim olunan sığınacaq müraciətlərinin hamısı saxtadır və müraciət edənlərin əksəriyyəti ya cinayətkarlardır, ya da sosial güzəştlər əldə etmək istəyən miqrantlardır.

Bu açıqlama ABŞ Ali Məhkəməsinin Meksika sərhədi vasitəsilə gələn miqrantlara sığınacaq verilməsi qaydalarını sərtləşdirən qərarından sonra verilib.

İyunun 25-də Ali Məhkəmə altı səsə qarşı üç səslə Meksika ilə sərhəddəki keçid məntəqələrinə gələn, lakin ABŞ ərazisinə daxil olmayan əcnəbilərin sığınacaq müraciətlərinə federal hakimiyyət baxmağa borclu olmadığı qərarına gəlib.

Qərarın müəllifi, hakim Samuel Alito bunu belə əsaslandırıb: "Qonaq sadəcə qapını döydüyünə görə evə daxil olmuş sayılmır."
  • Sosial şəbəkədə paylaş