Bosfor boğazı üzərindəki iki körpü özəlləşdiriləcək

Türkiyə hakimiyyəti Bosfor boğazı üzərindəki iki körpünün, eləcə də bir sıra magistral və yan yolların 30 illik müddətə özəlləşdirilməsi barədə qərar qəbul edib.

Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qərarı hökumətin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

Türkiyə Avtomobil Yolları Baş İdarəsinin tabeliyində olan “15 Temmuz Şehidler” körpüsü və “Sultan Mehmet Fateh” körpüsü, həmçinin onlara aid yan və birləşdirici yollar, xidmət obyektləri, texniki xidmət və istismar mərkəzləri, ödəniş məntəqələri və digər əlaqədar infrastruktur obyektləri özəl sektora verilə bilər.

Özəlləşdirmə proqramına Niğdə - Pozantı magistral yolu, Qaziantep dairəvi yolu, Bursa dairəvi yolunun bir hissəsi də daxil edilib. Bura həmçinin hələ 2010-cu ildə özəlləşdirmə proqramına daxil edilmiş, lakin bir sıra səbəblərdən, o cümlədən biznes dairələrindən layiqincə təklif gəlməməsi ucbatından özəl sektora verilməyən avtomobil yolları və körpülər də daxildir.

Bunların arasında Ədirnə - İstanbul - Ankara, Pozantı - Tarsus - Mersin, Tarsus - Adana - Qaziantep, Topraqqala - İskəndərun, Qaziantep - Şanlıurfa, İzmir - Çeşmə və İzmir - Aydın magistral yolları, eləcə də İzmir və Ankaranın dairəvi yolları var.

Özəlləşdirmə ilə bağlı bütün rəsmi prosedurlar 2031-ci il dekabrın 31-dək başa çatdırılmalıdır.
  • Sosial şəbəkədə paylaş