Moskvaya uçan 25-dən çox təyyarə başqa şəhərlərə yönləndirilib

Moskva hava limanlarında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən Rusiya paytaxtına uçan 25-dən çox sərnişin təyyarəsi alternativ hava limanlarına yönləndirilib.

TASS-ın məlumatına görə, bu barədə Moskva hava limanlarının nümayəndələri bildiriblər.

Məlumata əsasən, Şeremetyevo hava limanına uçmalı olan 11 təyyarə Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavl şəhərlərinə yönləndirilib.

Bunlar Saratov, Perm, Sankt-Peterburq, Monastir, Antalya, Nalçik, Ufa, Samara, Daşkənd və Yekaterinburqdan həyata keçirilən reyslərdir.

Bundan başqa, Vnukovo hava limanına uçan doqquz təyyarə də başqa şəhərlərdə eniş etməli olub. Həmin reyslər Samara, Sabetta, Ulyanovsk, Uxta, Sankt-Peterburq və Mahaçqaladan həyata keçirilib.

Domodedovo hava limanına istiqamətlənən daha altı reys isə uçuş marşrutu üzrə müvəqqəti eniş edib.

Bunlar Bakı, Yekaterinburq, Novosibirsk, Daşkənd, Səmərqənd və Oş şəhərlərindən gələn təyyarələrdir.

Hava limanının məlumat xidmətindən bildirilib ki, həmin təyyarələr Nijni Novqorod, Kazan və Sankt-Peterburqda eniş ediblər.
  • Sosial şəbəkədə paylaş