İranın yeni müdafiə nazirinin hərbi sənaye sahəsindəki fəaliyyəti açıqlanıb

İran parlamenti Mehrdad Əxlaqi Kitabçini ölkənin yeni müdafiə naziri vəzifəsinə təsdiqləyib.

APA “Al Jazeera“yə istinadən xəbər verir ki, 68 yaşlı Kitabçinin namizədliyini 237 deputat dəstəkləyib, 15 deputat isə əleyhinə səs verib.

Yeni nazir İranın müdafiə sənayesi, ballistik raketlər və aerokosmik texnologiyalar sahəsində uzunmüddətli təcrübəyə malikdir. Prezident Məsud Pezeşkianın sözlərinə görə, Kitabçi Müdafiə Nazirliyində və əlaqədar qurumlarda 42 ildən çox çalışıb.

O, əvvəllər “Şəhid Bağeri” Sənaye Qrupuna, Aerokosmik Sənaye Təşkilatına və Müdafiə Sənayesi Təşkilatına rəhbərlik edib. Məlumata görə, Kitabçi İranın “Seccil” və “Zülfüqar” ballistik raketlərinin, eləcə də yüksək dəqiqlikli silahların hazırlanmasında iştirak edib.

ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalan yeni nazirin əsas vəzifəsi İranın zərbələr nəticəsində zədələnmiş hərbi sənaye infrastrukturunun bərpası və genişləndirilməsi olacaq.

Kitabçinin prioritetləri arasında hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi, yeni hərbi texnologiyaların tətbiqi, raket və dron istehsalının artırılması da var.

O, müdafiə naziri kimi ilk açıqlamasında ABŞ-yə xəbərdarlıq edərək İrana qarşı yeni hücumların cavabsız qalmayacağını bildirib.

Qeyd edək ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevralın 28-də ABŞ və İsrailin hərbi zərbələri nəticəsində həyatını itirib. Bundan sonra nazir vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edib. O, yeni nazirin müavini olacaq.
  • Sosial şəbəkədə paylaş