Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Yunanıstanda güclü yağış və tufan təhlükəsi səbəbindən 28 Oktyabr – Milli Bayram münasibətilə keçirilməsi planlaşdırılan məktəbli paradları ölkənin bir sıra bölgələrində ləğv olunub.

Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin Milli Meteorologiya Xidməti Fessaliya, Sporad adaları, Evbeya, Kiklad adaları, Şərqi Egey və Dodekanes bölgələrində güclü yağış, tufan və daşqın təhlükəsi barədə xəbərdarlıq edib. Mərkəzi və Qərbi Yunanıstanın dağlıq ərazilərində isə qar yağacağı proqnozlaşdırılır.

Fessaliya bölgəsinin qubernatoru Dimitris Kuretas Maqnesiya vilayətində, o cümlədən Volos şəhərində və Şimali Sporad adalarında bütün məktəbli paradlarının ləğvi barədə qərar qəbul edib.

Evbeya adasının paytaxtı Halkida şəhərində də məktəblilərin və ictimai təşkilatların paradı ləğv olunub. Bununla belə, hərbi paradın keçirilməsi nəzərdə tutulur. Kiklad və Dodekanes adalarında da təhlükəsizlik səbəbindən məktəbli paradları təxirə salınıb.

Paytaxt Afinanın Aqios Dimitrios rayonunda da parad ləğv edilib. Dini mərasimlərin və digər anım tədbirlərinin isə planlaşdırıldığı kimi keçirilməsi nəzərdə tutulur.

Meteoroloqların məlumatına görə, Egey dənizinin şimalında küləyin sürəti saatda 70 kilometrə çata bilər. Afinada havanın temperaturunun 12–17, Salonikidə isə 9–18 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Yunanıstanda hər il oktyabrın 28-də qeyd olunan “Ohi Günü” 1940-cı ildə ölkənin faşist İtaliyasının ultimatumunu rədd etməsinin ildönümünə həsr olunub. Bu hadisə Yunanıstanın İkinci Dünya müharibəsinə qoşulmasına səbəb olub.
  • Sosial şəbəkədə paylaş