Trampın Ərdoğana 24 saatda ikinci zəngi

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 24 saat ərzində iki dəfə telefonla zəng etməsi beynəlxalq siyasi gündəmdə xüsusi diqqət çəkib. Xüsusilə ikinci telefon danışığının Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı ərəfəsində, Ankarada xarici ölkə liderlərinin iştirakı ilə keçirilən rəsmi şam yeməyi zamanı baş tutması bu təmaslara əlavə siyasi məna verib.

KİV xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının məlumatına görə, oktyabrın 29-da baş tutan telefon danışığında Ərdoğan amerikalı həmkarına şam yeməyində iştirak edən liderlərin salamlarını çatdırıb, həmçinin Ankarada keçiriləcək TDT sammiti barədə məlumat verib. Tramp isə Türkiyə liderinə zirvə toplantısında uğurlar arzulayıb. Ərdoğan təşkilatın 200 milyondan artıq əhalini birləşdirdiyini və Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
  • Sosial şəbəkədə paylaş