Londonda ilk dəfə rəqəmsal qızıl əməliyyatı aparılıb

“JPMorgan” və digər iri qiymətli metal treyderləri Londonda yeni rəqəmsal qızıl növü ilə ilk əməliyyatlarını həyata keçirib.

Dünya Qızıl Şurasının (WGC) açıqlamasına görə, “JPMorgan”, “HSBC” və “StoneX” şirkətləri ötən həftə fiziki qızıl külçələrinin qismən mülkiyyət hüquqlarından istifadə etməklə ilk əməliyyatlarını tamamlayıblar.

Mütəxəssislərin fikrincə, əməliyyatlar hələ sınaq mərhələsində olsa da, yeni sistemin uğurla tətbiqi London qızıl bazarının strukturunda son illərin ən mühüm yeniliklərindən birinə çevrilə bilər.

WGC-nin baş icraçı direktoru Devid Teyt məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu, qızıl bazarı üçün tarixi addımdır. Aparıcı maliyyə institutları ilk dəfə real əməliyyatlar vasitəsilə fiziki qızılın qismən mülkiyyət hüququnu ötürüb, onun üzrə hesablaşma aparıb və həmin aktivdən girov kimi istifadə ediblər”.

Qeyd edək ki, Londonda hər həftə yüz milyardlarla dollar dəyərində qızıl alınıb-satılır. Bu əməliyyatlar qlobal qiymətli metallar sənayesi üçün istinad qiymətlərinin formalaşmasında mühüm rol oynayır.

“JPMorgan”ın fiziki əmtəələr bölməsinin qlobal rəhbəri Mark Amlin bildirib ki, qismən mülkiyyət hüququna əsaslanan, asanlıqla ötürülə bilən və vasitəçi maliyyə qurumlarının müflisləşməsi riskindən qorunan qızıl bu metalın, o cümlədən girov kimi, maliyyə bazarlarında daha geniş istifadəsinə imkan yaradacaq.

Asiyanın maliyyə mərkəzləri Londonun qızıl ticarətindəki payını artırmağa çalışırlar. Honq-Konq bu il London modelinə bənzər yeni qızıl hesablaşma sisteminin sınaq rejimində fəaliyyətinə başlayıb. Sinqapur isə mərkəzi banklar üçün qızılın saxlanması xidmətləri də daxil olmaqla, bu sahədə bir sıra tədbirlər açıqlayıb.

Bölüşdürülməmiş qızıl üzrə ticarət 400 troya unsiyası çəkisində olan iri külçələrlə əməliyyat aparmaqdan daha ucuz və əlverişlidir. Bu model treyderlərə saxlama xərclərini azaltmağa və metalı dəqiq miqdarlarda alıb-satmağa imkan verir. Bununla belə, belə əməliyyatların çatışmazlıqları da var. Belə ki, qızıl sahibləri metalı saxlayan bankın kredit riskinə məruz qalmaqda davam edir, kağız üzərindəki mülkiyyət tələblərindən isə, bir qayda olaraq, girov kimi istifadə etmək mümkün olmur.

Hazırda London bazarında 5 bank qızılın saxlanması xidmətlərini göstərir və mövcud hesablaşma infrastrukturunu idarə edir. Bunlar “Citigroup”, “ICBC Standard Bank”, “UBS Group”, “HSBC” və bazarın ən böyük iştirakçısı olan “JPMorgan”dır.

“Bloomberg” agentliyinin oktyabr ayında yaydığı məlumata görə, “Deutsche Bank” və “Morgan Stanley” də bu məhdud sayda maliyyə institutunun sırasına qoşulmaq niyyətindədir.
  • Sosial şəbəkədə paylaş