Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.

Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.

Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Buradakı otaqlarda uşaqların istirahəti, həmçinin onların ilkin bilik və bacarıqlarının üzə çıxarılması üçün zəruri şərait yaradılıb.

Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.

Elm və təhsil naziri Emin Əmrullayev 264 şagird yerlik Cahangirbəyli tam orta ümumtəhsil məktəbinin binasında yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 13 sinif otağı, kimya və fizika fənləri üzrə 2 laboratoriya, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Məktəbin ərazisində 2 açıq idman meydançası da yaradılıb.
  • Sosial şəbəkədə paylaş