Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan Şəhər Təhsil Kompleksi olaraq peşəyönümlü tədris müəssisəsi kimi yenidən layihələndirilib.

Kompleksdə məktəbəhazırlıq, biologiya, informatika, çağırışaqədərki hazırlıq, “STEAM-STARTERS”, “STEAM-SCIENCE LAB”, “STEAM CHALLENG” otaqları, robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları yaradılıb. Burada, həmçinin kitabxana, idman və akt zalları, yeməkxana da müəllim-tələbə heyətinin ixtiyarına veriləcək.

Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində də geniş abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda “Böyük Qayıdış” Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur. Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.
  • Sosial şəbəkədə paylaş