Əraqçi: "Amerikalılara zərrə qədər də etibar etmirik"

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Maskatda ABŞ nümayəndə heyəti ilə keçirilən görüşlərin sensasiyalı detallarını açıqlayıb.

Nazir İranın ABŞ-a münasibətinin dəyişməz qaldığını və danışıqlar masasında hər an "aldadılma" ehtimalına hazır olduqlarını bildirib.

"Diplomatik nəzakət" görüşü: Birbaşa təmas olubmu?

Əraqçi qeyd edib ki, tərəflər arasında genişmiqyaslı birbaşa danışıqlar baş tutmasa da, nümayəndə heyətləri arasında "diplomatik nəzakət" çərçivəsində təmas olub:

"Nümayəndə heyətləri içəri girərkən ən azı bir əl sıxma və ilkin nəzakət qaydaları baş tutub. Bəli, bu, keçmişdə də olub. Bütün əvvəlki raundlarda danışıqlar dolayı yolla aparılsa da, giriş və ya çıxışda nümayəndə heyətləri bir-biri ilə qarşılaşıblar. Bu, qətiyyən qəribə deyil, adi diplomatik nəzakət təcrübəsidir".

Pentaqon generalının iştirakına "yox" cavabı

Nazir ABŞ Mərkəzi Komandanlığının komandanının danışıqlarda iştirak etmək istəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O bildirib ki, İran tərəfi hərbi rəsmilərin diplomatik prosesə cəlb olunmasına qəti etiraz edib:

ABŞ-ın xahişi: "Amerikan tərəfindən həmin generalın görüşdə iştirak etməsi ilə bağlı xahiş gəlmişdi, lakin biz buna kəskin etiraz etdik. Biz bəyan etdik ki, danışıqlar prosesində hərbi rəsminin iştirakını qəbul etmirik. Bizə dedilər ki, o, bura öz gəmilərindən birinə baş çəkmək üçün gəlib. Lakin onun bu prosesdə iştirakı məsələnin mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir".

"Hiylə və kələk gözləyirik"

İran XİN rəhbəri Vaşinqtonun səmimiyyətinə inanmadıqlarını vurğulayaraq, danışıqlar prosesində hər an ehtiyatlı davrandıqlarını qeyd edib: "Biz onlara etibar etmirik və aldadılma, hiylə ehtimalını istisna etmirik. Əslində, biz tam olaraq bunu gözləyirik".

Əraqçinin bu açıqlamaları göstərir ki, İran və ABŞ arasında diplomatik buzlar qismən ərisə də, Tehran Vaşinqtona qarşı strateji şübhələrini qoruyub saxlayır və hər hansı ciddi razılaşma üçün hələ uzun yolun qaldığına işarə edir.
  • Sosial şəbəkədə paylaş