Eldar Əzizov: Azərbaycan təmiz şəhər, yaşıl mühit və enerji təhlükəsizliyinə xüsusi diqqət yetirir

Azərbaycan təmiz şəhər, yaşıl mühit və enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstanın paytaxtında keçirilən "XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumundakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakının 2024-2040-cı illəri əhatə edən baş planı qəbul edilib. Bu plana əsasən, avtobus, velosiped zolaqları, yaşıllıq zonalarının salınması kimi mühüm layihələr həyata keçirilir.

İcra başçısı qeyd edib ki, Bakı şəhərində elektrik avtomobil və avtobuslarından geniş istifadə edilir. Bundan başqa, şəhərin yaşıllaşdırılması istiqamətində də mühüm işlər görülür: "Prezident İlham Əliyevin hakimiyyəti dövründə Bakı şəhərində 400-ə yaxın park ya sıfırdan yaradılıb, ya da təmir edilib. Bakı parklar şəhərinə çevrilib. Dövlətin əsas konsepsiyası sakinlər üçün yüksək şərait yaratmaqdır. Paytaxtın "Qara şəhər" kimi tanınan hissəsi indi "Ağ şəhər"ə çevrilib. Həmin ərazidə müasir tələblərə uyğun gözəl binalar salınır. Hazırda Bakı dünyanın ən təmiz şəhərlərindən biridir və təhlükəsizlik baxımından da seçilir. Bu da ölkədə turizmin inkişafına səbəb olur. Azərbaycana gələn qonaqlar Bakını təmiz, təhlükəsiz turizm şəhəri kimi qəbul edirlər".

E.Əzizov əlavə edib ki, son 15 il ərzində ölkədə hotellərin sayı 12 dəfə, son il ərzində isə turistlərin sayı 30 faiz artıb.
  • Sosial şəbəkədə paylaş