Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

Qazaxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonun İkinci Şıxlı və Birinci Şıxlı kənd qəbiristanlıqlarında Vətən müharibəsində şəhid olan Qazax sakinlərinin məzarları ziyarət olunub. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Qazaxın igid oğulları da iştirak edərək torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstəriblər. Onlardan bir çoxu şəhidlik zirvəsinə ucalıb.

Ziyarət zamanı şəhidlərin döyüş yolu və göstərdikləri qəhrəmanlıqdan söz açılıb, onların xatirəsinin daim yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, şəhidlərin ailələrinə göstərilən dövlət qayğısı, onların problemlərinin həlli və şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
  • Sosial şəbəkədə paylaş