Günə 5 edam – İranda qaldırıcı kranlar həm də boğazına ip keçirilmiş məhkumları qaldırır

İnsan haqları uğrunda və ölüm cəzasına qarşı mübarizə aparan iki təşkilatın birgə hazırladığı illik hesabata görə, keçən il İranda icra olunan edamların sayı onilliklər boyu davam edən kədərli rekordu qırıb.

Qeyd olunur ki, edamların sayının artması islahatçı prezident Məsud Pezeşkianın dövründə baş verib. Ekspertlər belə bir zəruri izahat da veriblər ki, prezidentin təhlükəsizliklə bağlı məsələlərə təsiri məhduddur. Ölkənin əsl lideri, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ruhanilər kontingentinə arxalanan dini lider Əli Xamneyidir və o, hesab edir ki, cinayətin artması, xarici təhlükə və əhalinin böyük təbəqələri arasında hakimiyyətdən narazılıq səbəbindən daha sərt cəzalar haqlıdır.

2024-cü ildə islam respublikasında 975 nəfər edam edilib - bu, 2023-cü illə müqayisədə 17% çoxdur. Axırıncı dəfə ən çox edam icrası 2015-ci ildə olub, ötənilki göstərici o rekordu da aşıb.

Bildirilir ki, son illərdə edam edilən qadınların sayı da artır. 2022-ci ilin payız aylarında baş verən etirazlarla bağlı işlər üzrə də edamlar davam edir.

Parisdə yerləşən “Ölüm cəzasına qarşı birləşmiş hərəkat”la Norveçdə yerləşən “İran insan haqları” təşkilatı 2008-ci ildən bu məsələyə nəzarət edir. Onlar bildirirlər ki, İranda edam hökmlərinin sayı ilə bağlı rəsmi statistika dərc edilmir, lakin əsasən yerli səviyyədə edamlarla bağlı rəsmi hesabatlar mövcuddur. Hüquq müdafiəçiləri bu məlumatlara və edam edilənlərin qohumlarından aldıqları bilgilərə istinad edirlər.
  • Sosial şəbəkədə paylaş