Azərbaycanın üzləşdiyi mina problemi BMT-də müzakirə olundu

Diplomatlarımız BMT-də münaqişədən sonra mina qurbanı olan azərbaycanlılardan danışdılar; Bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər; Ermənistanda bəzi ərazilər üzrə mina xəritələri var, amma bunların bir çoxu dəqiqlik baxımından zəifdir

Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır. O, 2020-ci ilin 10 noyabr tarixindən indiyədək mina qurbanlarının sayının 388-ə çatdığını və xəsarət alanların əksəriyyətinin mülki şəxslər olduğunu deyib.

“Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır”, - deyə səfir bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və BMT də bu problemin olduğunu təsdiqləyib. O, minaların təsirlərinin bir neçə il, bəlkə də onilliklər sonra da hiss olunacağını qeyd edib. Fərid Şəfiyev mina ilə bağlı statistikanın Azərbaycanda demək olar ki, hər gün dəyişdiyini vurğulayıb: “Azərbaycan ərazisində təxminən 1,5 milyona yaxın mina basdırılıb. Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib”, - deyə BMTM-in sədri bildirib. Fərid Şəfiyev əlavə edib ki, Ermənistanın təqdim etdiyi xəritələr təxminən 25 faiz dəqiqliyə malikdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov çıxışı zamanı qeyd olunan statistikaların arxasında həm də insan həyatı, şəxsi və ailə faciəsinin dayandığını bildirib. Onun sözlərinə görə, bu hərəkətlər təkcə müharibə cinayəti deyil, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

O bildirib ki, hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da Ermənistan Azərbaycan ərazisi daxilində və yeni minalar yerləşdirməyə davam edib. (AZERTAC)

Xatırladaq ki, aprelin 1-də Azərbaycanın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürülüb.

Bu barədə aprelin 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası -mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə elan edilib.

Əsas məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həm-müəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamənin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib. O, qeyd edib ki, hələ iki il əvvəl belə bir təşəbbüslə çıxış etmiş ölkəmiz bu hədəf istiqamətində sistemli fəaliyyət aparıb. Bunun nəticəsində mövzu üzrə ilk dəfə xüsusi hesabat İHŞ-də təqdim edilib, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunub, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nin 57-ci sessiyasında yayılmış Birgə bəyanat 65 ölkə tərəfindən dəstəklənib. Sözügedən qətnamənin İHŞ-də ilk dəfə qəbul ediləcəyini bildirən E.İskəndərov bu sənədin mina qurbanları üçün ədalətin bərpa olması, onlara beynəlxalq yardımın artırılması üçün zəmin yaradacağını deyib.

Yeri gəlmişkən, Milli Məclisin 4 Aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar yaydığı müraciətdə bildirilib ki, Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməyib və Azərbaycan ərazilərində mina basdırmaqda davam edib. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir. “Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir. Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər. Milli Məclis, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğalına görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə, minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır ”, - deyə münasibətdə qeyd edilib.
  • Sosial şəbəkədə paylaş