Stokholm polisi Valpurgiya gecəsi ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirir

Valpurgiya gecəsi ərəfəsində Stokholm polisi əvvəlki illərdə müşahidə olunmuş iğtişaşların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini yüksək səviyyədə gücləndirir. Bayram tədbirləri daha çox sosial şəbəkələr vasitəsilə təşkil olunan və şəhərin müxtəlif rayonlarında toplaşan yeniyetmələrin kütləvi yığıncaqları ilə müşayiət olunur.

Polis əməkdaşlarının sözlərinə görə, belə görüşlər çox vaxt yüksək dərəcədə spirtli içki qəbulu, zorakılıq halları və vandalizmlə müşayiət olunan xaotik tədbirlərə çevrilir. Məsələn, ötən il parklardan birində təxminən 3 min gənc toplaşıb və onların bir çoxunun sonradan tibbi yardıma ehtiyacı olub.

Şəhərin bir sıra rayonlarında bayryamı ənənəvi olaraq xüsusi canfəşanlıqla qeyd edən böyük qruplar toplaşır. Bu hal artıq əvvəlki illərdə asayişin pozulmasına səbəb olub. Bu il təhlükəsizliyin təmin olunmasına əlavə polis qüvvələri və sosial xidmət əməkdaşları cəlb edilib.

Profilaktik tədbirlərə xüsusi diqqət yetirilir. Polis və mütəxəssislər valideynləri uşaqlarla alkoqol barədə danışmağa və onların internetdəki fəaliyyətinə nəzarət etməyə çağırırlar. “Bu gün yeniyetmə üçün alkoqol və narkotik əldə etmək, evə pizza sifariş vermək qədər asandır”, – deyə bələdiyyə polisi Ola Okeson bildirib.

Asılılıqdan əziyyət çəkənlərə yardım göstərən Maria Ungdom Mərkəzi bayrama hazırlıq çərçivəsində yerlərin sayını 30-a qədər artırıb, həmçinin yeniyetmələrə yardım göstərmək üçün əməkdaş heyətini genişləndirib.

Mütəxəssislər yeniyetmələr arasında qarşılıqlı dəstəyin vacibliyini vurğulayır, dostları güclü sərxoş vəziyyətində tək buraxmamağı, həmçinin təhlükənin ilk əlamətləri görünən kimi yardım üçün müraciət etməyi tövsiyə edirlər.

Qeyd edək ki, Valpurgiya gecəsi aprelin 30-na təsadüf edir və yazın gəlişini simvolizə edir. Adətən həmin gün açıq havada böyük tonqallar qalanır.
  • Sosial şəbəkədə paylaş