Dünya okeanlarının 10 faizi qorunan ərazilər elan edilib

BMT Ətraf Mühit Proqramının Ümumdünya Qoruma Monitorinq Mərkəzi (UNEP-WCMC) və Beynəlxalq Təbiətin Qorunması Birliyi (IUCN) tərəfindən dərc edilən birgə araşdırmaya görə, dünya okeanlarının 10 faizindən çoxu ilk dəfə rəsmi olaraq qorunan ərazilər elan edilib.

Tədqiqatda okeanların qorunması üçün rəsmi əhatə dairəsi 10,01 faiz olaraq müəyyən edilib ki, bu da böyük nailiyyət hesab olunur. Lakin Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə 2030-cu il üçün müəyyən edilmiş 30 faiz hədəfinə çatmaq üçün təxminən Hind okeanı ölçüsündə əlavə bir ərazinin təyin edilməsi tələb olunacaq. Qlobal okean və sahil əhatə dairəsi 2024-cü ildə 8,6 faiz təşkil edib və son iki ildə qorunan ərazilərə təxminən 5 milyon kvadrat kilometr sahə əlavə olunub.

Hədəfə altı il gec nail olunub

Ölkələr biomüxtəliflik hədəfləri çərçivəsində 2020-ci ilə qədər okeanların 10 faizini qorumaq öhdəliyini götürsələr də, bu mərhələyə yalnız 2026-cı ilin aprelində - cədvəldən altı il geridə nail olunub. Mühafizə olunan ərazilərin təyin edilməsi tempini qiymətləndirən 2024-cü il Qorunan Planet Hesabatında 2020-ci ildən bəri ən güclü irəliləyişin okeanlarda əldə edildiyi, lakin bunun əksəriyyətinin milli sularda baş verdiyi aşkarlanıb.

2030-cu il qoruma öhdəliyi

UNEP-in Monitorinq Mərkəzinin direktoru Nevil Aş jurnalistlərə müsahibəsində Kunming-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinin (KMGBF) 3-cü hədəfi üçün rəsmi izləmə mexanizmini təmin edildiyini deyib. Bu çərçivədə 2030-cu ilə qədər torpaqların və suların 30 faizinin qorunan ərazilərdə və Digər Effektiv Ərazi Əsaslı Qoruma Tədbirlərində (OECM) olması tələb olunur.

Aş qeyd edib ki, milli suların əhatə dairəsi nisbətən geniş - 23,2 faiz olsa da, milli yurisdiksiyadan kənarda okeanın yalnız 1,7 faizi qorunan ərazilərdə yerləşir. “Qorunan ərazilərin genişləndirilməsi okeana təzyiqi azaldır və biomüxtəlifliyin bərpasına kömək edir”, - deyə o bildirib.

UNEP bildirir ki, 3-cü Hədəf Kunminq-Monreal çərçivəsində 23 hədəfdən biridir və okeanın ümumi sağlamlığının yaxşılaşdırılması üçün yalnız qorunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi deyil, tam çərçivənin tətbiq edilməsi tələb olunur.

Sağlam okean ekosistemləri atmosferdəki karbon qazının səviyyəsini azaldır və iqlim dəyişikliyinin sürətlənməsinin qarşısını almağa kömək edir. Riflər və manqrovlar kimi sağlam sahil ekosistemləri də iqlim dəyişikliyi ilə əlaqəli ekstremal hava hadisələrinin sahil icmalarına təsirinin azaldılmasında mühüm rol oynayır. Hökumətlər öz milli sularında qorunan ərazilərin təyin edilməsinə cavabdehdir. Milli yurisdiksiyadan kənar ərazilərdə ən böyük fürsət beynəlxalq sularda qorunan dəniz ərazilərinin təyin edilməsi mexanizmi yaradan və Milli Yurisdiksiyadan Kənar Biomüxtəliflik (BBNJ) kimi tanınan yeni okean müqaviləsinin həyata keçirilməsidir.
  • Sosial şəbəkədə paylaş