Azərbaycan dili üzrə yeni qaydada imtahan necə olacaq?

“Biz Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələbləri və sertifikasiya imtahanı verən şəxsləri yaşına, cinsinə, çalışdıqları müxtəlif sferalar üzrə fəaliyyətinə görə çeşidləyəcəyik”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Azərbaycan dili üzrə sertifikasiya imtahanı modelinin təqdimatında məlumat verib.

O bildirib ki, sürücülər, satıcılar, müəllimlər və digər sahələrdə çalışanların bu imtahanlardan keçməsi DİM üçün önəmlidir:

“Biz bu imtahanı iki ay pulsuz olaraq onlayn qaydada aktivləşdirəcəyik. Onlardan müvafiq anketi doldurmalarını xahiş edirik ki, anket əsasında data yığa bilək. Biz hər kəsdən dəstək gözləyirik. Müxtəlif sektorların hər birindən ən azı 500 nəfərin Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanından keçməsi lazımdır.

Bu, onların hər birinin Azərbaycan dilinin leksikasına, qrammatikasına nə dərəcədə hakim olduğunu yoxlamaq və statistika hazırlamaq üçün vacibdir. Təxminən 50 milyon insan Azərbaycan dilində danışır və bir-birini başa düşür. Ümumilikdə C1, C2 səviyyəsini qazanan şəxslərin sayını bilməyimiz önəmlidir. Azərbaycan dili itməməlidir. Bu gün dünya əhalisinin 60 faizinin danışdığı 40 dilin içərisinə Azərbaycan dili də daxil olmalıdır”.

DİM-in əməkdaşı Mehriban Cəfərsoy isə bildirib ki, dünya təcrübəsindən istifadə edərək hazırladıqları imtahan modeli ilə dörd bacarıq üzrə Azərbaycan dili bilikləri qiymətləndiriləcək. Bunlar dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıqdır.
  • Sosial şəbəkədə paylaş