Güclü yağışlar Lahıc–Dəmirçi yolunda torpaq sürüşməsinə səbəb olub

Son günlər yağan güclü yağışlar Lahıc–Dəmirçi avtomobil yolunda torpaq sürüşməsinə səbəb olub. Nəticədə yolun hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə yolun 11-ci kilometrliyində İsmayıllıdan keçən ərazisində baş verib. Torpaq sürüşməsi nəticəsində iki hərəkət zolaqlı avtomobil yolunun torpaq yatağı sürüşərək asfalt örtüyünü yararsız hala salıb. Ərazidə dərin yarğanlar, qabarmalar və çökmələr əmələ gəlib ki, bu da nəqliyyat vasitələrinin hərəkətini təhlükəli edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov müxbirə açıqlamasında bildirib ki, hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır. İdarənin nümayəndələri tərəfindən yolun vəziyyəti qiymətləndirilir, təhlükəsizlik tədbirləri görülür. Əraziyə xüsusi texnika və canlı qüvvənin cəlb olunması gözlənilir. Hazırda ərazidə aktiv torpaq sürüşməsi olduğundan hələlik işlərin görülməsi mümkün deyil. Sürücü və sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq yol qəzalı əraziyə çatmadan bağlanılıb, sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
  • Sosial şəbəkədə paylaş