Coğrafiyaşünas-alim: Çirkab sularının çaylara axıdılması ekosistemlərə ciddi zərər vurur

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşları Masallı, Astara və Lənkəran rayonlarında ekspedisiyada olublar. Regionun ekoloji vəziyyətində ciddi problemlərdən biri su ehtiyatlarının çirklənməsi və səth sularının düzgün idarə edilməməsidir.

Bu barədə AZƏRTAC-a coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov məlumat verib. O bildirib ki, şəhər və kənd landşaftlarında çirkab sularının təmizlənmədən çaylara və Xəzər dənizinə birbaşa axıdılması halları müşahidə olunur. Xüsusilə Lənkəran şəhəri və ətraf yaşayış məntəqələrində kanalizasiya sistemlərinin köhnəlməsi və ya ümumiyyətlə olmaması səbəbindən tullantı suları açıq mühitə buraxılır. Eyni vəziyyət Masallı və Astara rayonlarında da mövcuddur.

M.İsmayılov vurğulayıb ki, çaylar vasitəsilə daşınan çirkləndiricilər sahil sularında mikrobioloji çirklənmənin artmasına, suyun keyfiyyətinin aşağı düşməsinə və dəniz ekosistemlərinin pozulmasına səbəb olur. Nəticədə balıq ehtiyatlarının azalması, sahil zonalarında sanitariya vəziyyətinin pisləşməsi və turizm potensialının zəifləməsi müşahidə edilir.

Alim əlavə edib ki, aprel ayında intensiv yağıntılar zamanı subasma ən çox Lənkəran şəhərində qeydə alınıb: “Şəhərin təxminən 40 faizə qədər hissəsi keçilməz vəziyyətə düşüb”.
  • Sosial şəbəkədə paylaş