Təyyarədə zarafat böyük təşvişə səbəb olub

ABŞ-dan İspaniyaya uçan sərnişin təyyarəsində 16 yaşlı yeniyetmənin etdiyi zarafat böyük təşvişə səbəb olub. Hadisə nəticəsində təyyarə havada geri dönərək təcili eniş etmək məcburiyyətində qalıb.

Hadisə ABŞ-ın Newark hava limanından İspaniyanın Palma de Mallorca adasına uçan United Airlines aviaşirkətinə məxsus Boeing 767 təyyarəsində baş verib.

Məlumata görə, 16 yaşlı sərnişin mobil telefonunun Bluetooth adını ingiliscə “bomba” mənasını verən “Bomb” sözü ilə dəyişib. Kabin heyəti bunu aşkar etdikdən sonra vəziyyət dərhal təhlükəsizlik xidmətlərinə bildirilib və təyyarədə həyəcan siqnalı verilib.

Sərnişinlərin sözlərinə görə, ekipaj bütün sərnişinlərdən Bluetooth cihazlarını dərhal söndürməyi tələb edib. United Airlines şirkətinin Çikaqodakı qərargahından verilən göstərişdə xəbərdarlığa əməl olunmayacağı halda təyyarənin geri qaytarılacağı bildirilib.

Kabin heyəti hadisənin zarafat ola biləcəyini düşünsə də, təhlükəsizlik riski səbəbindən bütün prosedurlar tətbiq edilib.

Bütün xəbərdarlıqlara baxmayaraq cihaz söndürülmədiyi üçün pilotlar təyyarəni geri qaytarmaq qərarı verib. Təxminən üç saat havada olan və Atlantik okeanını keçməyə hazırlaşan təyyarə marşrutunu dəyişərək Newark Liberty Beynəlxalq Hava Limanına eniş edib.

Təcili enişdən sonra təyyarədə olan 190 sərnişin və 12 heyət üzvü təxliyə olunub. ABŞ Federal Təhqiqat Bürosu (FBI), Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) və liman polisi təyyarədə geniş axtarış aparıb, sərnişinlərin telefonları yoxlanılıb.

Araşdırma zamanı təhlükənin real olmadığı müəyyən edilib. Hadisədən sonra sərnişinlər yalnız ertəsi gün başqa ekipaj və ehtiyat təyyarə ilə İspaniyaya yola düşə biliblər.

Məlumata görə, zarafatı edən yeniyetmə barədə hələlik rəsmi ittiham irəli sürülməyib. Bununla belə, FBI hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
  • Sosial şəbəkədə paylaş