Netanyahu da uduzur

İsraildə yeni hökumətin formalaşdırılması ətrafında siyasi proseslər həlledici mərhələyə daxil olub. Baş nazir Benyamin Netanyahunun rəqibi, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot parlamentdə 67 deputatın dəstəyini qazanıb.

Xəbər verilir ki, İsrailin Ynet və The Times of Israel nəşrlərinin məlumatına əsasən, Prezident İsxak Hersoqla keçirilən məsləhətləşmələr zamanı 120 yerlik Knessetin 67 deputatı Ayzenkotun baş nazir postuna namizədliyini dəstəkləyib. Netanyahu isə 46 deputatın dəstəyini əldə edib.

Məlumata görə, noyabrın 4-də Qüdsdə prezident iqamətgahında başlayan məsləhətləşmələr noyabrın 5-də axşam saatlarında başa çatıb.

Ayzenkotun namizədliyinin parlament üzvlərinin yarıdan çoxu tərəfindən dəstəklənməsi yeni hökumətin formalaşdırılması prosesində mühüm siyasi hadisədir.

İsrail qanunvericiliyinə əsasən, parlament seçkilərindən sonra prezident partiya nümayəndələri ilə məsləhətləşmələr aparır və hökuməti formalaşdırmaq səlahiyyətini deputatların dəstəyini qazana biləcək namizədə verir.

Prezident İsxak Hersoq noyabrın 8-də hökuməti formalaşdırmaq səlahiyyətini hansı namizədə verəcəyini açıqlamağı planlaşdırır. O bildirib ki, Ayzenkotun 67 deputat tərəfindən dəstəklənməsinə baxmayaraq, siyasi qüvvələr arasındakı fikir ayrılıqları sabit hökumətin qurulması məsələsini çətinləşdirir.

Hökuməti qurmaq tapşırığını alan siyasətçiyə ilkin olaraq 28 gün vaxt ayrılır. Zərurət yaranarsa, prezident bu müddəti daha 14 gün uzada bilər.

Ayzenkotun 67 deputatın dəstəyini qazanması onun artıq baş nazir təyin edildiyi anlamına gəlmir. Bunun üçün o, siyasi partiyalarla koalisiya razılaşmaları əldə etməli, nazirlər kabinetinin tərkibini müəyyənləşdirməli və yeni hökuməti parlamentin təsdiqinə təqdim etməlidir.

İsraildə hökumətin fəaliyyətə başlaması üçün Knessetdə etimad səsverməsi keçirilir. Hökumətin təsdiqlənməsi zamanı parlamentdə tələb olunan səs çoxluğu təmin edilməlidir.

Əgər hökuməti qurmaq tapşırığını alan namizəd müəyyən edilmiş müddətdə buna nail ola bilməsə, qanunvericilikdə nəzərdə tutulan qaydada başqa namizədə hökuməti formalaşdırmaq imkanı verilə bilər. Siyasi razılaşma əldə olunmadığı təqdirdə ölkədə növbədənkənar seçkilərin keçirilməsi gündəmə gələ bilər.

Netanyahu isə yeni hökumət fəaliyyətə başlayanadək baş nazir səlahiyyətlərini icra edəcək.
  • Sosial şəbəkədə paylaş